Abşeron göllərinin ekoloji bərpası layihəsi
Gündən-günə artan beynəlxalq nüfuzunun təzahürüdür ki, Azərbaycan mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Təsadüfi deyildir ki, ölkəmizdə Bakı Beynəlxalq Humanitar Forumu, Beynəlxalq İnternet İdarəçilik Forumu kimi tədbirlər, beynəlxalq səviyyəli idman və musiqi yarışları keçirilmişdir. Ötən il Davos İqtisadi Forumunun Cənubi Qafqazda və Orta Asiyada ilk dəfə olaraq Bakıda keçirilməsi də məhz Azərbaycanın uğurlarına verilən yüksək qiymətin, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.
Ölkəmizdəki siyasi-iqtisadi sabitliyin, beynəlxalq imicinin yüksək səviyyədə olmasının, eləcə də Azərbaycanın mühüm beynəlxalq tədbirlərin, yarışların keçirilməsində böyük təcrübəyə malik olmasının məntiqi nəticəsidir ki, ilk Avropa Olimpiya Oyunları da 2015-ci il iyun ayında məhz Azərbaycanda keçiriləcək. Avropa oyunları çərçivəsində Bakıda keçiriləcək əksər tədbirlər Böyükşor gölünün şərq sahilində tikilməkdə olan Olimpiya Stadion Kompleksində təşkil olunacaq. Yarışlarda 6-7 min idmançının iştirak edəcəyi və on minlərlə insanın bu ərazini ziyarət edəcəyi gözlənilir. Odur ki, Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpasının birinci mərhələsinin bu tədbirlərdən əvvəl başa çatdırılması planlaşdırılır.
Böyükşor gölünün bərpası layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında Abşeron yarımadasının 9 gölünün (Xocahəsən, Böyükşor, Binəqədi qəsəbə İdman Kompleksinin qarşısındakı göl, Qırmızı, Puta (Lökbatan), Qu, Zabrat, Bülbülə, Zığ gölləri) ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar çərçivəsində həyata keçirilir.
Böyükşor gölü Abşeron yarımadasının ən böyük gölüdür. 1060 hektar ərazini əhatə edən göl tarixən, xüsusilə də Sovet dövründə neft, çirkab suları, məişət və tikinti tullantıları ilə ciddi dərəcədə çirklənmişdir. Böyükşor gölünün ekoloji bərpası ilə əlaqədar layihə iki mərhələdə həyata keçiriləcək. 2014-2015-ci illəri əhatə edəcək birinci mərhələdə gölün Olimpiya Stadionunun inşa edildiyi yerin yaxınlığında yerləşən 300 hektara yaxın ərazisi bərpa olunacaq. Bu mərhələdə gölün şimal hissəsinin tarixən neftlə çirklənmiş sahəsinin bənd vasitəsilə sahil xəttindən ayrılaraq təcrid olunması nəzərdə tutulur. Bununla da, neftin, çirklənmiş suyun və üzən tullantıların axınının qarşısını almaq mümkün olacaq. Layihə çərçivəsində ərazinin qərb sahili boyunca bənd tikiləcək və bu bənd yaxın gələcəkdə altıxətli, ikitərəfli və birinci dərəcəli magistral yol kimi xidmət göstərəcək. Bu yol bir tərəfdən Ziya Bünyadov prospekti, digər tərəfdən isə Balaxanı-Binəqədi şosesi ilə birləşdiriləcək və şəhər yol infrastrukturuna düşən yükü azaldacaq. Göl hissəsindəki yolun ümumi uzunluğu 1570 metr təşkil edəcəkdir. Bənd formasında inşa olunacaq bu yol həm də 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarınadək gölün təmizlənəcəq şərq hissəsini təcrid edəcək. Bundan başqa, ilkin mərhələdə Böyükşor gölünə axıdılan çirklənmiş suların qarşısı alınacaq və dövriyyə zamanı çirklənmiş su Hövsan Aerasiya Stansiyasına istiqamətləndiriləcəkdir. Göldən çirklənmiş çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi, həmçinin gölün ətrafında hazırda mövcud olan qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi də planlaşdırılır. Böyükşor gölünün cənub sahilində çirkab suların qarşısı tamamilə alınacaq və burada geniş abadlıq-quruculuq işləri aparılacaq, park və yaşıllıqlar salınacaqdır. Gölün stadion istiqamətində çirklənmənin qarşısını almaq məqsədilə çirkab su kollektoru inşa olunacaq və çirklənmiş qrunt suları xüsusi metal lövhələr ilə gölü təcrid edəcək. Sahil xətti boyunca gəzinti bulvarının yaradılması və buradan stadion ərazisinə keçid nəzərdə tutulmuşdur. Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ isə 2015-2020-ci illəri əhatə edəcəkdir. Bununla da, göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaqdır.
http://tamizshahar.az/projects/view/aberon-gllrinin-ekoloji-brpas-layihsi